ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU
  • Gəncə şəhəri (10.11.2017)

FONDUN FƏALİYYƏTİ

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz hərtərəfli inkişaf etmişdir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur.

Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir.

Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verir və bu diqqətin nəticəsidir ki, son illərdə Fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2009-cu və 2011-ci illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi Qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır.

Hazırda Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.

Sahibkarlığa Kömək Milli Fondunun məqsəd və əsas vəzifələri aşağıdakılardır.

Məqsədi:

  • Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın (informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla) inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Əsas vəzifələri:

  • Fondun vəsaitləri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;
  • Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək;
  • Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;
  • Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
  • sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
  • kreditlərin öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydalarını müəyyən etmək;
  • sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;
  • sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;
  • sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;
  • ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;
  • sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.