ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU
  • Gəncə şəhəri (10.11.2017)

ƏN ÇOX VERİLƏN SUALLAR

1. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilən güzəştli kreditləri əldə etmək etmək üçün sahibkar hara müraciət etməlidir?
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər.
2. Sahibkarlıq subyektlərinin Fondun vəsaitlərindən istifadə ilə bağlı müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən hansı müddət ərzində baxılır?
Müvəkkil kredit təşkilatı sahibkarlıq subyektləri tərəfindən edilmiş müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir.İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
3.Sahibkarlığa Kömək Milli Fonduna müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilmək üçün təqdim olunmuş layihələrə hansı müddətdə baxılır?
Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
4. Müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərildikdən sonra kredit vəsaiti hansı müddət ərzində sahibkarlıq subyektinin hesabına köçürülür?
Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
5. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitlərinin hədləri nə qədərdir?
kiçik həcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadək.
6. Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hansı müddətə verilir?
kiçik həcmli kreditlər üçün-3 (üç) ilədək; orta həcmli kreditlər üçün- 5 (beş) ilədək; böyük həcmli kreditlər üçün-10 (on) ilədək.
7. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinə tətbiq edilən illik faiz dərəcələri nə qədərdir?
Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) faizindən artıq olmamalıdır.
8.Verilmiş kreditlərlər üzrə ödənişlər necə həyata keçirilir?
Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.
9. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinə tətbiq edilən güzəşt müddəti nə qədərdir?
Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər.
10.Sahibkarlığa Kömək Milli Fondu vəsaitləri hesabına sahibkarlıq subyektinə ayrılmış kredit vəsaitinin təyintaı üzrə nəzarət necə həyata keçirilir?
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 9-cu bəndinə əsasən Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on)bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür
11. İnvestisiya Layihələrinin elektron idarəetmə sistemində qeydiyyatdan keçmişəm və şifrəni unutmuşam, şifrəni necə bərpa edə bilərəm?
İnvestisiya layihələrinin elektron idarəetmə sistemində itirilmiş şifrəni bərpa etmək üçün  Siz və ya etibarnamə ilə müvəkkil etdiyiniz şəxs şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna (ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küç 172, tel: 433-63-65) müraciət etməklə ad və şifrənizi bərpa edə və elektron idarəetmə sistemi ilə əlaqədar suallarınıza ətraflı cavab ala bilərsiniz.