ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU
  • Gəncə şəhəri (10.11.2017)

MÜVƏKKİL KREDİT TƏŞKİLATLARI HAQQINDA

 Ümummilli Liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli 779 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsinə müvəkkil kredit təşkilatlarının cəlb edilməsi respublikamızda bank sektorunun dövlətlə maliyyə əməkdaşlığına geniş imkanlar yaratmış, bu sahənin tərəqqisində mühüm rol oynamışdır. 

 Bu Fərmanla  Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət mexanizmi yenidən qurularaq güzəştli kreditlərin səmərəli istifadəsində mühüm rol oynamışdır. Ölkədə özəl sektorun inkişafı və maliyyə imkanlarına çıxışı üçün daha da əlverişli şəraitin yaradılması güzəştli kreditin verilməsində müvəkkil kredit təşkilatı kimi iştirak edən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının inkişafına da öz müsbət təsirini göstərmişdir. 2002-ci ildə ilk dəfə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"a uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsində müvəkkil kredit təşkilatı kimi seçilmiş 6 kommersiya bankı iştirak edirdisə, hazırda müvəkkil kredit təşkilatlarının sayı artaraq 54-ə (müvəkkil kredit təşkilatlarının siyahısı) çatmışdır. Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə-kredit sistemi, o cümlədən kredit təşkilatları sürətlə inkişaf etmişdir və artıq bazar münasibətlərinin mövcud olduğu bir şəraitdə onlar öz fəaliyyətləri ilə iqtisadiyyatın inkişafına müsbət təsirlərini göstərməkdədirlər.

 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən Sahibkarlığa Kömək Milli Fondunun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatları kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər. 

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatları arasında vəsaitlərin istifadə ediləcək istiqamətlərini, müddətlərini və sair şərtləri nəzərdə tutan müqavilə imzalanır. Hər maliyyə ilinin əvvəlində Sahibkarlığa Kömək Milli Fondunun Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi üçün ayrılmış vəsaitin müvəkkil kredit təşkilatları arasında limitləşdirilməsi (bölgüsü) aparılır. Büdcə vəsaitinin səmərəli bölgüsünün təmin edilməsi məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fondun Müşahidə Şurasına müvafiq məlumat təqdim edilir.

Müvəkkil kredit təşkilatları “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini öz adları və riskləri hesabına yerləşdirirlər və sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi barədə qərarları müstəqil olaraq qəbul edirlər. Bundan əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda da cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatlarının dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı olmadığı və onların kredit təşkilatlarının fəaliyyətinə qarışmasının yol verilməz olduğu öz əksini tapmışdır.

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatlarının, eləcə də güzəştli kredit vəsaitinin son istifadəçiləri hesab olunan sahibkarlıq subyektlərinin öhdəliklərinə görə cavabdeh olmadığı və kredit vəsaitlərini həmin məqsədlərə istifadə etməyin mümkünsüzlüyü xüsusi olaraq qeyd olunmuşdur.