ANFES | Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ SAHİBKARLİĞA KÖMƏK MİLLİ FONDU
  • Gəncə şəhəri (10.11.2017)

FONDUN FƏALİYYƏT MEXANİZMİ

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun iş mexanizmi:

  • Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər.
  • Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
  • Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
  • Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının mconcessionaryüxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
  • Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.
  • Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
  • Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür.